İcbari və Kasko sığortaları: qiymət siyasəti necə formalaşır?
Sığorta qanunvericiliyinə edilmiş dəyişikliklərdən sonra avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqavilələri artıq elektron sənəd formasında tərtib olunmağa başlanıb.
Bununla yanaşı, foto və video qeydiyyat funksiyalarına malik yol nəzarət qurğuları vasitəsilə həmin sığorta müqavilələrinin qüvvədə olub-olmamasının yoxlanılması, ödəmə terminalları vasitəsilə sığorta haqlarının ödənilməsinin mümkünlüyü, "Elektron hökumət" portalı vasitəsilə asanlıqla onlayn qaydada sığorta müqaviləsini əldə etməyin mümkün olması və digər mütərəqqi addımlar bu sığorta növü üzrə kağız sənədləşməni istisna edir. Bu da, öz növbəsində, kağız daşıyıcıda tərtib edilən müqavilələrin ləğvinə, avtomobillərin ön şüşəsinin sağ kənarında sığorta şirkətlərinin etiketlərinin yapışdırılmamasına və sürücülərin artıq sənəd daşımaqdan xilas olmasına gətirib çıxarıb.
Bütün bunlara baxmayaraq, bir sıra hallarda bu sahə üzrə məlumatsızlıq və maarifləndirmənin zəif aparılması müəyyən anlaşılmazlıqlara gətirib çıxarır.
Mövzu ilə bağlı açıqlama verən sığorta mütəxəssisi Şahin İsmayılov bildirib ki, Azərbaycan sığorta sektorunda ən populyar məhsullar avtonəqliyyat vasitəsi sürücüsünün mülki məsuliyyətinin icbari sığortası və avtomobillərin Kasko sığortasıdır:
"Avtomobillərin icbari sığortası üzrə cərimə sanksiyaları nəzərdə tutulduğuna görə bu məhsul ən çox satılan və tələb olunan sığorta növüdür. Təəssüf ki, eyni sözləri Kasko sığortası haqqında demək mümkün deyil. Bu məhsul könüllü olduğu üçün sürücülər arasında geniş yayılmayıb və satış həcminə görə yüksək nəticələr göstərmir. Müştərilər hər hansı sığorta məhsulunu seçərkən onun təminatlarını öyrənməklə yanaşı, ödəniləcək sığorta haqqının məbləgi ilə də maraqlanırlar. Sığorta haqqının münasib və əlçatan olması məhsulu daha cəlbedici edir".
Bu rakursdan baxdıqda belə sual yaranır: sığorta şirkətləri bu və ya digər məhsul üzrə qiymət siyasətini necə formalaşdırır?
Mütəxəssisin sözlərinə görə, avtomobillərin icbari sığortası dövlət tərəfindən tənzimlənən məhsuldur. Bu məhsul üzrə qiymətlər "İcbari Sığortalar haqqında" qanunla müəyyən olunur və sığorta şirkətləri bu qiymətlərə fərdi yanaşma tətbiq edə bilməz:
"2022-ci ilə qədər avtomobillərin icbari sığorta haqları aşağıdakı şərtlərə əsasən hesablanırdı:
minik avtomobilləri üçün mühərrik həcmi,
sərnişin nəqliyyatı üçün oturacaq yerlərinin sayı,
yük avtomobilləri üçün yükgötürmə qabiliyyəti.
Hər qəzasız il üçün sürücülərə növbəti ildə 5% endirim tətbiq edilirdi. Bu sistem 2011-ci ildən qüvvədə olub və nəticədə sürücülər 10 ildən sonra sığorta haqqına 50-55% endirim əldə edə bilirdilər. Məsələn, ilkin sığorta haqqı 100 AZN olan avtomobilin sahibi 10 ildən sonra eyni məhsula görə 50 AZN ödəyirdi.
Lakin bu müddət ərzində ehtiyat hissələrinin və təmir xərclərinin qiyməti kəskin artmış, sığorta haqları isə dəyişməz qalmışdı. Bu vəziyyət sığorta şirkətlərini qane etmədiyi üçün bazarı tərk edənlər də oldu.
2022-ci ildə Mərkəzi Bank "İcbari Sığortalar haqqında" qanuna dəyişikliklər etdi. Bu dəyişikliklər nəticəsində icbari sığorta haqları daha çevik və real meyarlara əsaslanaraq formalaşmağa başladı. Hazırda icbari sığorta haqqı aşağıdakı göstəricilər üzrə hesablanır:
avtomobilin mühərrik həcmi,
istehsal ili,
sürücünün yaşı,
sürücülük təcrübəsi,
avtomobilin istifadə olunduğu region,
verilmiş etibarnamələrin sayı.
Bu meyarlar qiymətlərin müəyyən qədər artmasına səbəb olsa da, sığorta şirkətlərinin maraqlarını daha yaxşı təmin edir və bazarda müəyyən sabitlik yaradıb. Lakin qiymət artımı bəzi sürücülər tərəfindən narazılıqla qarşılanır.
Kasko sığortasında isə vəziyyət fərqlidir. Bu məhsul könüllü olduğu üçün hər sığorta şirkəti öz qiymət siyasətini sərbəst müəyyən edə bilər. Eyni avtomobil üçün müxtəlif şirkətlər fərqli qiymətlər təklif edə bilər. Kasko sığortasında əsas qiymət meyarları bunlardır:
avtomobilin istehsal ili və bazar dəyəri,
avtomobilin təyinatı (şəxsi və ya kommersiya məqsədli istifadə).
Məsələn, şəxsi istifadədə olan avtomobilin Kasko sığorta haqqı, kommersiya məqsədli istifadə olunan avtomobildən xeyli ucuz olur".
BiG.Az

Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş